Türkiyə inflyasiya şəraitində əsas qida məhsullarına tətbiq olunan ƏDV-nin dərəcəsini aşağı salıb

2022.02.15 11:30 (UTC+04:00)

Türkiyə hökuməti inflyasiya ilə mübarizə və ölkə əhalisinin dəstəklənməsi məqsədilə əsas qida məhsullarına tətbiq olunan 8 faizlik əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini 1 faizə endirib.

İnflyasiya ilə mübarizənin bütov bir inanc və bütöv bir fədakarlıq tələb etdiyini bildirən prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hökumət olaraq biz bu istiqamətdə atacağımızı söz verdiyimiz addımları bir-bir həyata keçiririk. ƏDV sistemini sadələşdirmək çərçivəsində əsas qida məhsullarına tətbiq olunan 8 faizlik vergini 1 faizə endiririk. İndiyə qədər ölkədə un və çörəyə 1 fazilik ƏDV tətbiq olunurdu. Yeni tənzimləmə ilə digər əsas qida məhsulları üçün də 7 faizlik vergi güzəştinə gedirik”.

Qeyd edək ki, əsas qida məhsullarının siyahısına düyü, makaron, ət, çay, qəhvə, süd və süd məhsulları, yağ, şəkər və şəkər məhsulları, quru meyvələr kimi gündəlik həyatda daha çox istehlak edilən mallar daxildir.