KOB-ların maliyyə mənbələri əldə etmək imkanları qiymətləndiriləcək

2022.02.14 10:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşaın layihə 1 fevral 2022-ci ildən başlayıb.

Mərkəzin rəhbəri Ruslan Atakişiyev bildirib ki, əhalinin çox çeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez bir zamanda uyğunlaşmaqda, fəal şəxslərin məşğulluğa cəlb olunmasında müstəsna rolu olan kiçik və orta sahibkarlıq subyektlərindən gözlənilən töhfənin tam şəkildə əldə olunmasında, onların iqtisadi potensialının aşkarlanaraq üzə çıxarılmasında hələ də bir sıra çətinliklər mövcuddur: “Onların inkişafı qarşısında dayanan əngəllər içərisində maliyyə mənbələrinə çıxış ən başlıca yerlərdən birini tutur”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşaın layihə 1 fevral 2022-ci ildən başlayıb. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin həyata keçirdiyi layihənin məqsədi kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxış imkanlarının qiymətləndirilməsi, mövcud problemlərin öyrənilməsi və praktiki həll yollarının aşkarlanaraq müvafiq qurumlara tövsiyələrin verilməsidir.

Üç ay müddətində başa çatdırılması nəzərdə tutulan layihə çərçivəsində Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Şəki, Ağsu, Kürdəmir, Göyçay, Cəlilabad şəhərlərindən olan mikro, kiçik və orta sahibkarlar arasında sorğular keçiriləcək. Tədqiqatdan əldə olunan nəticələr tövsiyə şəklində müzakirəyə çıxarılacaq və sonda hökümətin iqtisadi qanadını təmsil edən qurumlara təqdim olunacaq.