Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılmasının 30 illiyi xalqımızın tarixində çox mühüm bir dövrə təsadüf edir. Biz İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Ordumuzun erməni işğalçıları üzərində tarixi Qələbəsinin sevincini, iftixar hissini yaşayırıq. 30 il bundan öncə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan qarşısında onun mühüm dövlət atributlarının, institutlarının yaradılması kimi mühüm bir vəzifə qoyuldu. Bu 30 ildə Azərbaycan çox mürəkkəb inkişaf mərhələlərindən keçib. Ulu öndər Heydər Əliyev xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi, hərbi sabitlik yaradıldı, sosial-iqtisadi sferada stabillik təmin olundu, geniş islahatlara başlanıldı. Ulu Öndərin dərin bilikləri, müdrikliyi, iradəsi ilə qısa zamanda həyata keçirilən iqtisadi islahatlar, imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini yaratdı.
Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasət artıq ölkənin simasını tam şəkildə yenidən dəyişib: “Bu dövr Azərbaycanın inkişafının qızıl dövrü kimi tariximizdə qalacaq. Xalqımızın artan rifahı, bütövlükdə onun daxili potensialının, beynəlxalq nüfuzunun inkişafı bu dövrün əsas xarakterik cəhətlərindəndir. Bu dövrün inkişafının ən son zirvəsi İkinci Qarabağ müharibəsində ölkəmizin Qələbəsidir. Ali Baş Komandanın dəmir iradəsi, onun müdrikliyi, ordumuzun gücü, şücaəti və Azərbaycan iqtisadiyyatının potensialı dəmir yumruqda birləşərək düşməni məhv etdi və Qələbəmiz təmin olundu. 30 illik bu inkişaf müddətində Azərbaycan Mərkəzi Bankı, bank-maliyyə sektoru da bütövlükdə ön sıralarda olub. 1993-cü ildə müstəqillik bərpa olunandan sonra çox ağır sosial-iqtisadi böhran başladı. 1998-ci ildə Asiya, 2008-ci ildə başlayan maliyyə böhranı, bu günlərdə də yaşadığımız pandemiyanın təsirlərindən yaranan iqtisadi böhranı yaşayırıq. İlk növbədə Mərkəzi Bankın üzərinə çox ciddi vəzifələr düşmüşdü. Bu dövrdə Mərkəzi Bank öz fəaliyyəti ilə ölkədə maliyyə sabitliyinin təmin olunması, müasir tələblərə cavab verən maliyyə sektoru, maliyyə bazarlarının yaradılması istiqamətində mühüm işlər görüb. Azərbaycan manatı həm regionda, həm də bütün postsosialist məkanda ən dəyərli, ən güclü valyutalardan biri kimi çıxış edir. Bu dövrdə çox müasir texnologiyalara cavab verən ödəniş sistemi yaradılıb”.
“Ötən il dövlətimizin başçısı yeni milli inkişaf prioritetləri imzaladı. Ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişaf dövründə Azərbaycan iqtisadiyyatı qarşısında çox ciddi çağırışlar dayanır. Maliyyə sektoru bundan əvvəlki dövrə nisbətən daha çox iqtisadi inkişafa dəstək verəcək. Biz gələcəyə nikbin baxırıq. Əminik ki, Azərbaycan yeni inkişaf mərhələsində də yüksək nəticələrə nail olacaq. Xalqımızın rifahının yüksəldilməsi istiqamətində bütün lazımi işlər görüləcək. Azərbaycan Mərkəzi Bankı, bank sektoru öz üzərinə düşən bu tarixi vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışacaq”, - deyə E.Rüstəmov diqqətə çatdırıb.