ABŞ hökuməti sabiq prezident Donald Tramp zamanında ölkəyə polad idxalı üçün tətbiq olunan 25 faizlik gömrük vergisinin qismən ləğv edilməsi üçün Yaponiya ilə razılığa gəlib.
ABŞ 2018-ci ildən bəri polad məhsullarına tətbiq olunan gömrük vergisi problemini bundan əvvəl keçən il Avropa İttifaqı ilə həll etmişdi.
Sazişə əsasən, Yaponiyadan hər il idxal edilən 1,25 milyon tona qədər poladın ölkəyə gömrük tutulmadan gətirilməsinə icazə veriləcək, bu həcmdən artıq poladın idxalı üçünsə 25 faizlik vergi tutulacaq.
ABŞ-ın Ticarət Nazirliyinin yaydığı açıqlamada sazişin imzalanmasının polad sənayesinin uzunmüddətli davamlılığını təmin etməyə yardımçı olacağı vurğulanıb.
Bu il aprel ayının 1-dən qüvvəyə minəcək saziş alüminiuma tətbiq olunan 10 faizlik vergi tarifini əhatə etmir.