Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 24,1 faiz artıb. Sənaye məhsulunun 72,2 faizi mədənçıxarma sektorunda, 23 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 18,3 faiz artıb. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3 faiz, mebel istehsalı 85,7 faiz, tikinti materiallarının istehsalı 85,1 faiz, maşın və avadanlıqların istehsalı 69,8 faiz, əczaçılıq məhsullarının istehsalı 63,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 61,6 faiz, hazır metal məmulatlarının istehsalı 59 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 50,9 faiz, poliqrafiya məhsullarının istehsalı 45,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8 faiz, neft məhsullarının istehsalı 28,3 faiz, kağız və karton istehsalı 27,6 faiz, qida məhsullarının istehsalı 19,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6 faiz artıb. maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,7 faiz, geyim istehsalı 6,4 faiz, içkilərin istehsalı 12,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, tütün məmulatlarının istehsalı 30,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz artıb.