3, 9 və 15 mart tarixlərində özəlləşdirmə hərracları keçiriləcək

2022.02.08 11:36 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3,9 və15 mart tarixlərində hərrac keçiriləcək. Martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1995-2011-ci illər arasında dəyişir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.