Azərbaycanın Aİ ilə münasibətləri yeni mərhələyə qədəm qoyur

2022.02.08 12:04 (UTC+04:00)

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə iqtisadi əlaqələrini daha da genişləndirir.

Millət vəkili Vüqar Bayramov bildirib ki, İttifaqın genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyinin Bakıya səfəri zamanı anonsu verilən əməkdaşlıq istiqamətlərdən biri də İqtisadi Sərmayə Planı çərçivəsində Azərbaycana investisiya qoyuluşlarının artırılması ilə bağlıdır. Plan, xüsusən ölkədə özəl sektor üçün yeni sərmayə imkanları açır: “Bura iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən “yaşıl iqtisadiyyat”ın və kommunikasiyaların inkişafı kimi layihələr daxildir. Artıq planın icrasına başlanılıb: Avropa Yenidənqurma və İnkişaf Bankı aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırır”.

V.Bayramov Aİ ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından daha bir mühüm məqam kimi İttifaqının ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayırması ilə bağlı qərarını qeyd edib.

Millət vəkili bu vəsaitin kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə ayrılacağını bildirib. Vəsaitin konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcəyi planlaşdırılıb: “Aİ rəsmillərinin son səfərində əldə edilən uğurlu nəticələr İttifaq ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına şərait yarada bilər. 500 milyon istehlakçısı olan və dünyadakı alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Aİ ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxilolmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır”.

V.Bayramov onu da vurğulayıb ki, Azərbaycanın Aİ ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək.