İdxalla bağlı maliyyə sanksiyasının tətbiqi

2022.02.07 10:12 (UTC+04:00)

Vergi Məcəlləsinin 50.1.13-1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.1.11-11-ci maddənin tələbinə uyğun olaraq vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi operativ vergi nəzarəti hallarına aid edilib.

Dövlət və neft-qaz şirkətləri üzrə istisnalar nəzərə alınmaqla idxalla məşğul olan vergi ödəyiciləri malları idxal etməmişdən öncə vergi orqanına məlumat forması göndərməlidir. 16.1.11-11-ci maddənin tələblərinə əsasən, mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri və mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 23.1.3-2-ci maddəsində qeyd olunur ki, vergi orqanıın hüquqlarına Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini müvafiq protokolla rəsmiləşdirmək əlavə olunub.

Göründüyü kimi, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məqsədilə operativ vergi nəzarət tədbirləri keçirilməsinin hüququ bazası formalaşdırılıb.

Bəs vergi orqanı baxış zamanı hər hansı uyğunsuzluq aşkar edərsə, hansı maliyyə sanksiyası tətbiq olunur?

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Pərakəndə satış fəaliyyəti ilə məşğul olan mikro sahibkarlıq subyekti 10.000 manatlıq mal idxal edib və anbarı olmadığı üçün həmin malları saxlanma müqaviləsi bağlamaqla başqa vergi ödəyicisinin təsərrüfat subyektinə yerləşdirib. Vergi ödəyicisi hesab edir ki, mikro sahibkarlıq subyekti olduğuna görə Vergi Məcəlləsinin 16.1.6-cı maddəsindəki məlumat formasını təqdim etməyə ehtiyac yoxdur. Əslində isə idxal haqqında məlumatı təqdim etməyən mikro sahibkarlıq subyektinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun olaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək:

10.000 x 2% = 200 manat

Misal 2: Topdansatış fəaiyyəti ilə məşğul olan iri sahibkarlıq subyekti Rusiyadan 200.000 manatlıq taxta məhsulları idxal edib. Vergi ödəyicisi aldığı malları vergi orqanında uçotda olan anbara boşaldıb. Vergi ödəyici həmin mallarla bağlı Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulan məlumat formasını təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq olunacaq.