Türkiyə ilə ilk preferensial saziş: Daha ucuz qiymətə məhsul almaq imkanı yaranır

2022.02.03 14:50 (UTC+04:00)

Azərbaycanda qeyri-neft ixracının artımına əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində müxtəlif platformalar üzərindən işlər aparılır.

Oxu.Az-ın araşdırmasına görə, ticarət əlaqələrinin genişləndirilməsində xüsusilə əsas ticarət tərəfdaşı olan ölkələrlə ticarət sazişlərinin imzalanması böyük əhəmiyyət kəsb edir.

Xüsusilə də, sərbəst və ya preferensial ticarət sazişləri Azərbaycanın tərəfdaş ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı ticarət həcminin artmasına xidmət edir.

Sərbəst ticarət sazişləri ixracatçılarımızın tərəfdaş ölkələrin bazarlarına əlverişli şərtlərlə daxil olmasını stimullaşdırır

Müstəqilliyimizin bərpasından sonra tarixən formalaşmış iqtisadi əlaqələrin qorunub saxlanılması və inkişafı məqsədilə Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Moldova ilə məhsulların qarşılıqlı olaraq rüsumsuz ticarətinə əsaslanan ikitərəfli sərbəst ticarət sazişləri imzalanıb. Sərbəst ticarət sazişləri ixracatçılarımızın tərəfdaş ölkələrin bazarlarına əlverişli şərtlərlə daxil olmasına imkan yaradır. Təsadüfi deyil ki, 2021-ci üzrə qeyri-neft ixracının 45,1 faizi məhz sərbəst ticarət sazişlərinin qüvvədə olduğu ölkələrə həyata keçirilib.

Yerli istehsalçıların məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, ixracın məhsul və bazarlar üzrə diversifikasiyasına nail olunması məqsədilə həyata keçirilən kompleks dəstək tədbirləri ilə yanaşı, ölkəmizdə son illərdə preferensial ticarət sazişlərinin imzalanması istiqamətində də işlər görülür. Qarşılıqlı olaraq aparılmış təhlillər əsasında müəyyən edilən bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarından azadolmanı nəzərdə tutan bu cür sazişlər qeyri-neft ixracının artırılması istiqamətində əhəmiyyətli addımdır.

Preferensial ticarət sazişi onu imzalayan ölkələr üçün imtiyazlı ticarət rejimi yaradır

Preferensial ticarət sazişi rəqabət üstünlüyünə malik məhsulların əlverişli şərtlərlə, rüsum ödənilmədən tərəfdaş ölkənin bazarına daxil olması, ölkədə istehsalı olmayan keyfiyyətli məhsulların yerli istehlakçılar tərəfindən daha ucuz qiymətə əldə olunması imkanı yaradır. Sazişin əhatə dairəsinin məhdud sayda məhsula şamil olunması indiki halda yerli istehsalın qorunmasına və inkişafına da zəmin yaradır.

Preferensial ticarət sazişləri imzalandıqdan sonra tərəflərə sazişin ölkə iqtisadiyyatına təsiri qiymətləndirilməklə, əhatə etdiyi məhsul siyahısına yenidən baxılması və genişləndirilməsinə şərait yaradır ki, bu da qarşılıqlı əməkdaşlıqdan maksimum faydalanmaq imkanlarını artırmış olur.

Ölkəmiz ilk preferensial ticarət sazişini əsas ticarət və qeyri-neft ixracı tərəfdaşlarımızdan olan qardaş Türkiyə ilə imzalayıb. Sənədin qüvvəyə minməsi ilə Azərbaycanın ixrac potensialı yüksək olan bir sıra kənd təsərrüfatı və emalı məhsullarının Türkiyəyə ixracında əhəmiyyətli güzəştlər tətbiq olunur. Sazişin əhatə etdiyi məhsullar üzrə 30-145 faiz həcmində idxal gömrük rüsumundan azadolma məhsullarımızın Türkiyə bazarında rəqabət qabiliyyətinin daha da artırılmasına və sahibkarlarımızın bu bazara marağının artmasına şərait yaradır.

Göründüyü kimi, preferensial ticarət sazişlərinin imzalanması ölkənin davamlı iqtisadi inkişafı, qeyri-neft ixracının artımı, ixrac olunan məhsul çeşidinin genişləndirilməsi, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, ixracatçılarımızın güzəştli şərtlərlə yeni bazarlara daxil olmasında mühüm rola malikdir. Bu amil nəzərə alınmaqla digər tərəfdaş ölkələrlə də preferensial ticarət sazişlərinin bağlanılması imkanları təhlil olunur və müvafiq danışıqlar aparılır.