Hindistan kriptovalyuta və rəqəmsal sərvət gəlirlərindən 30 faiz vergi tutacaq

2022.02.03 13:16 (UTC+04:00)

Hindistanın maliyyə naziri Nirmala Sitharaman ölkəsinin kriptovalyuta və digər rəqəmsal sərvətlərdən əldə edilən gəlirlərə 30 faiz dərəcəsi ilə vergi tətbiq edəcəyini bildirib.

N.Sitharaman 2022-2023-cü illəri əhatə edən büdcəni təqdim edərkən kriptovalyta və NFT (non-fungible token) də daxil olmaqla rəqəmsal sərvətlərin satışından əldə edilən hər növ gəlirlərin 30 faizlik dərəcə ilə vergiyə cəlb olunacağını bəyan edib. Hindistanda rəqəmsal sərvətlərin istifadəsində böyük artım olduğunu bildirən nazir deyib: “Həyata keçirilən bu transferlərin böyüklüyü xüsusi bir vergi rejiminin tətbiqi zərurətini doğurdu”.

Nazirin sözlərinə görə, Hindistan blokçeyn texnologiyasını tətbiq etməklə gələn maliyyə ilində öz yerli CBDC-sini (Mərkəzi Bankın rəqəmsal pul vahidi) istifadə verəcək və CBDC-nin bazara çıxarılması rəqəmsal iqtisadiyyata böyük dəstək verəcək.

Ekspertlərin hesablamasına əsasən, hazırda Hindistanda 15-20 milyon arasında kriptovalyuta sərmayəçisi var və kripto sərvətlətin dəyəri ümumilikdə təxminən 400 milyard rupi (5,4 milyard dollar) təşkil edir.