Bu gündən yazlıq və çoxillik əkinlərin bəyanına başlanılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə, fevralın 1-dən başlayaraq iyunun 1-dək yazlıq və çoxilik əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM), eləcə də regional “ASAN Xidmət” mərkəzlərinə, həmçinin Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə əkinlərini bəyan edə bilərlər.
AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, fermer əkinini bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
Agentlikrəsmisi onu da əlavə edib ki, pambıq, şəkər çuğunduru və tütün əkən fermerlər məhsul subsidiyası almaq üçün yazlıq əkin bəyanları dövründə öz bəyanlarını tam və vaxtında EKTİS-ə daxil etməlidilər.
Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, subsidiyaların qısa vaxtda ödənilməsinə imkan yaradacaq. Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.