İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Statistika Komitəsinin əməkdaşları Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində Finlandiyada səfərdə olublar.
Səfər müddətində Finlandiya Statistika İdarəsinin və Vergi Administrasiyasının mütəxəssisləri tərəfindən ölkənin biznes statistikası, biznes statistikasının təşkili, maliyyə, sənaye müəssisələri üzrə statistikanın aparılması, statistik məlumat mənbələri, statistik vahidlərin reyestri, məlumatların nəşri və yayımlanması prosesləri, gəlir vergisinin statistikasının aparılması, vergi məlumatlarının rəsmi statistikada istifadəsi, vergi məlumatlarının inteqrasiyası və s. mövzulara dair təqdimatlar edilib.
Təlim iştirakçıları finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.