London şəhərinin bələdiyyə başqanı “təmiz hava vergisi”nin tutulmasını təklif edib

2022.02.01 11:16 (UTC+04:00)

London şəhərinin bələdiyyə başqanı Sadiq Xan, “ən təmiz yanacaqlarla” işləyən avtomobillər istisna olmaqla, paytaxtda bütün avtomobil istifadəçilərindən gündə iki funt-sterlinq “təmiz hava vergisi” tutulması barədə təklif irəli sürüb.

London şəhəri üçün müəyyənləşdirilmiş “2030-cu ilə qədər sıfır emissiya” hədəfinə nail ola bilmək məqsədilə şəhər bələdiyyəsi tərəfindən hazırlanmış yeni bir hesabat ictimaiyyətə təqdim olunub. Hesabata əsasən, qarşıya qoyulan hədəfə çatmaq üçün paytaxtın avtomobil trafikinin 27 faiz azaldılmasına ehtiyac var.

Hesabatda London şəhərində avtomobillərin qısa məsafələr üçün istifadə edildiyi, bu məsafələrin üçdə birinin 25 dəqiqə ərzində piyada, üçdə ikisinin isə 20 dəqiqədən az vaxt ərzində velosipedlə gedilə biləcəyi göstərilib.

London bələdiyyə başqanı Sadiq Xan “təmiz hava vergisi” layihəsinin ictimai nəqliyyatı, piyada gəzməyi, velosiped və elektriklə işləyən avtomobilləri təşviq etmək üçün hazırlandığını qeyd edərək, bununla yanaşı, gələcəkdə avtomobil istifadəçilərinin məsafəyə görə ödəniş edə biləcəyi bir sistemin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.