Yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb.
Müəllifdən: Azərbaycan Cənubi Qafqazın Şərqində, Xəzər dənizinin sahilində yerləşir. Ölkənin ümumi sahəsi 86,6 min kvadratkilometrdir. Şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənub-qərbdə Türkiyə, cənubda isə İran ilə həmsərhəddir. Quru sərhədlərinin uzunluğu 2647 kilometr, dəniz sərhədlərinin uzunluğu isə 816 kilometrdir. Əhalisi 10 milyon 383 min 704 nəfər, paytaxtı Bakı şəhəridir. Bir neçə ay bundan əvvəl Azərbaycan dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd edib.
Mixail Qusman: “Hakimiyyət formulu” verilişində Azərbaycan Prezidenti İlham Əliyev ilə dəfələrlə görüşmüşük. Lakin hər dəfə bizim görüşlərimiz çox maraqlı, məzmunlu, dərin xarakter daşıyıb. Bu gün mən filmimizə 10 il bundan əvvəl olmuş bir söhbət epizodundan başlamaq istərdim: “İlham Heydər oğlu, istər-istəməz artıq 50 yaşın astanasındasınız. Çox iş görülüb. Şəxsən Siz öz qarşınızda növbəti yarım əsr üçün hansı vəzifələri qoyursunuz?
Prezident İlham Əliyev: Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Lakin mən məhz sizin dediyiniz kimi, yarım əsr irəliyə baxıram. Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır.
Mixail Qusman: Bunlar gələcəyə investisiyalardır.
Prezident İlham Əliyev: Əlbəttə, kadrların, informasiya texnologiyalarının hazırlanması. Dünya irəliyə doğru hərəkət edir, biz də geri qalmamalıyıq. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq varsa, çox iş görmək olar.
Mixail Qusman: O vaxtdan 10 il keçib. Bir neçə ay bundan əvvəl Azərbaycan dövlət müstəqilliyinin bərpasının 30 illiyini, bir ay bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edib. Ölkə yetkinləşir, təcrübə toplayır, dünyada daha mühüm yer tutur və bunu BMT Baş Assambleyasının tribunasından bəyan edir.
Prezident İlham Əliyev: BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2030-cu ilin gündəliyinin icrası barədə üçüncü Könüllü Milli Hesabat təqdim etmiş 12 ölkədən biri və öz regionunda birinci dövlətdir.
Müəllifdən: Son onilliklərdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Azərbaycan gəlir səviyyəsi ortadan yuxarı olan dövlətlər qrupuna daxil olub. Ölkədə davamlı demoqrafik artım müşahidə olunur. Neft hasilatı artır. Bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə nail olmaqda liderlər sırasındadır. 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi barədə yeni Saziş imzalanıb. Bu layihəyə 36 milyard dollardan çox sərmayə qoyulub. 500 milyon ton neft çıxarılıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz kəməri – TANAP-ın rəsmi açılışı olub. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə, proqnozlaşdırılan ehtiyatlar təqribən 3 trilyon kubmetrə bərabərdir.
Mixail Qusman: Azərbaycan tarixən neft hasil edən ölkədir, lakin bununla bərabər Siz artıq neçə illərdir deyirsiniz ki, Azərbaycan neftdən asılılıqdan xilas olmalıdır.
Prezident İlham Əliyev: Siz tamamilə haqlısınız. Mən bu mövzunu çox fəal şəkildə qaldırmışam və qaldırıram. Bu istiqamətdə müəyyən addımlar atılır. Ona görə də qeyri-neft sektoruna istiqamətlənmə əsas prioritet olub və yenə belədir.
Müəllifdən: Azərbaycan əlavə regional layihələr həyata keçirir. Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri sayəsində bu ölkə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsi yekun mərhələyə qədəm qoyub. Bu dəhliz Hindistanı, Pakistanı, İranı, Azərbaycanı, Rusiyanı və Şimali Avropa ölkələrini birləşdirəcək.
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.
Müəllifdən: 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi təmin edilib. Mahiyyət etibarı ilə Qədim İpək Yolu bərpa olunub. 2018-ci il mayın 14-də Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi təntənəli şəkildə açılıb. Bu kompleksin yükaşırma qabiliyyəti 15 milyon tondur. Bu həcm 25 milyon tona qədər artırıla bilər. Prezident İlham Əliyevin tapşırığına əsasən, Ələt qəsəbəsində yaradılan azad ticarət zonası 130 milyon nəfəri əhatə edən regional miqyaslı bazara xidmət edəcək. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə böyük investisiyalar cəlb etmək üçün bank islahatı aparır.
Prezident İlham Əliyev: İnformasiya-kommunikasiya texnologiyaları sektorunda da təməl pis deyil. Artıq üç peykə malik olan Azərbaycan kosmik klubun üzvüdür. İKT sahəsi çox fəal inkişaf edir və bu sahədə mühüm artım var. Başqa sahələrə gəldikdə isə, əlbəttə, mən ilk növbədə, kənd təsərrüfatını qeyd edərdim. Burada çox böyük potensial var, çox böyük sərmayə qoyulub və yetərincə ciddi artım var. Biz turizmə böyük diqqət yetirmişik və yenə yetiririk, müasir turizm infrastrukturu yaradılıb. Lakin, əlbəttə, pandemiya bu sektora çox güclü zərbə vurub. Hazırda biz daxili turizmin stimullaşdırılması barədə düşünürük.
Mixail Qusman: Bütün dünyanı faciəli şəkildə cənginə almış koronavirus pandemiyası, əlbəttə, Azərbaycanda da həyata təsir göstərməyə bilməzdi. Azərbaycan rəhbərliyi koronavirusun ölkəyə nüfuz etməsinə, onun inkişafına mane olmaq üçün nə mümkündürsə edib. Qeyd etmək lazımdır ki, Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Müəllifdən: 2021-ci ilin yanvar ayı. Azərbaycanda vaksinasiya kampaniyasının başlanğıcı. Hər yüz nəfər üçün istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən çoxdur. Əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün 2 milyard 700 milyon dollar həcmində sosial-iqtisadi paket təqdim olunub. Ümumdünya Səhiyyə Təşkilatının proqramlarına Bakının könüllü maliyyə yardımı 10 milyon dollar olub. 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib.
Prezident İlham Əliyev: Yeri gəlmişkən, bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib. Bu təşkilatın Baş direktorunun mənə ünvanladığı məktubda Azərbaycan rəhbərliyinin fəaliyyəti yüksək qiymətləndirilib, habelə Azərbaycan nümunəvi ölkə, yəni bu bəla ilə mübarizədə nümunə göstərən ölkə adlandırılıb.
Müəllifdən: 2020-ci ilin may ayı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib. Bu görüş COVID-19-a qarşı mübarizəyə həsr edilib. Qoşulmama Hərəkatı üçün yubiley ili olan 2021-ci ildə təşkilatın 120 üzvünün qərarı ilə Azərbaycanın sədrlik müddəti 2023-cü ilə qədər uzadılıb.
Prezident İlham Əliyev: Azərbaycan yekdilliklə Hərəkatın sədri seçilib, bu da çox əlamətdar amildir. Bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və bu ölkələrin bəziləri arasında münasibətlər, yumşaq desək, gərgindir. Lakin bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib.
Müəllifdən: 2020-ci ilin dekabr ayı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusa qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilib. İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında yeni təşəbbüs irəli sürüb.
Prezident İlham Əliyev: Biz COVID-19-dan sonra ümumi bərpa üzrə BMT-nin yüksək səviyyəli panelinin yaradılmasını təklif edirik. O, postpandemiya dövründə qlobal tədbirlər barədə tövsiyələr hazırlayacaq.
Mixail Qusman: Azərbaycan əksər beynəlxalq təşkilatların özünəinamlı və fəal iştirakçısıdır. O, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü də olub. Azərbaycan Müstəqil Dövlətlər Birliyi sistemində, ATƏT-də və digər qurumlarda fəal işləyir.
Prezident İlham Əliyev: Azərbaycana gəldikdə, biz iştirak etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti çərçivəsində öz milli mənafelərimizi maksimum təmin etmək üçün iştirak edirik. Hər bir beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan, bir də hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə də burada bütün ölkələrin mənafelərinin nəzərə alınması vacibdir. Bu səbəbdən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörməti mühüm prioritetlərdən biri hesab edirəm. Azərbaycan qanunun aliliyini və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur.
Mixail Qusman: Azərbaycanda ən qədim dövrlərdən ən müxtəlif dini və etnik qrupların nümayəndələri, ən müxtəlif xalqlar sülh və mehriban qonşuluq şəraitində yaşayırlar. Mən bunu başqalarından eşitdiyimə görə demirəm. Tam inamla deyə bilərəm ki, multikulturalizm azərbaycanlıların qanındadır.
Müəllifdən: 2018-ci il mayın 2-də Bakıda Mədəniyyətlərarası Dialoq üzrə V Ümumdünya Forumu keçirildi. BMT bu Forumu mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün mühüm qlobal platforma kimi qiymətləndirir.
Prezident İlham Əliyev: Əlbəttə, gənc nəslə müraciət edərək demək istərdim ki, onlar öz əcdadlarından nümunə götürərək fədakarlıqla, yüksək vətənpərvərlik hissi ilə yaşamağı, mübarizə aparmağı öyrənsinlər, öz Vətənini qoruyarkən canını belə əsirgəmədən qəhrəmanlıq göstərsinlər.
Mixail Qusman: 10 il bundan əvvəl Azərbaycan Prezidenti ilə söhbət zamanı biz Onunla çox ağrılı bir məsələni – Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edirdik.
Dəhşətli dərəcədə çətin düyünə düşmüş siyasi problemlər, əlbəttə, öz həllini tələb edir. Sizin fikrinizcə, bu düyünü əmələ gətirən sapları bir-birinin ardınca dartmaqla açmaq mümkündür, yoxsa bu, Qordi düyünüdür, onu yalnız kəsmək olar?
Prezident İlham Əliyev: Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri var. Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur.
Müəllifdən: 2020-ci ilin sentyabr ayı. Dağlıq Qarabağda hərbi münaqişənin yeni mərhələsi. 44 gündən sonra, noyabrın 9-dan 10-na keçən gecə atəşkəs barədə üçtərəfli Saziş Rusiyanın vasitəçiliyi, Prezident Putinin şəxsən iştirakı ilə imzalandı. Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə qərar qəbul edildi.
Prezident Vladimir Putin: Rusiyanın həlledici töhfəsi sayəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Rusiya sülhməramlıları regionda sülhə və təhlükəsizliyə etibarlı təminat verirlər.
Prezident İlham Əliyev: Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yolla nizamladı, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Müəllifdən: Prezident Əliyevin qərarı ilə Qarabağ “yaşıl enerji” zonası elan edilib. Yaxın dörd ildə orada 240 meqavat gücündə yeni günəş elektrik stansiyası tikiləcək. 2030-cu ilədək bütün ölkədə daha 10 belə layihə həyata keçirilməsi planlaşdırılır.
2016-cı il. Azərbaycan İqlimə dair Paris Sazişini ratifikasiya edir. 2030-cu ilədək istixana effekti yaradan qazların səviyyəsini 35 faiz azaltmaq barədə könüllü öhdəlik götürür. Bu gün ölkədə ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Ən yaxın hədəf 10 ildən sonra bu rəqəmi ikiqat artırmaqdır.
Mixail Qusman: Son illərdə Azərbaycan çoxlu sayda böyük idman, mədəni, siyasi, iqtisadi tədbirlər, müxtəlif forumlar keçirib. Siz postpandemiya dövründə dünyanı necə təsəvvür edirsiniz? Biz hamımız həmin dünyada yaşamalı olacağıq.
Prezident İlham Əliyev: Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və təşəkkülündə sizin, Mixail Solomonoviç, şəxsən çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış çoxlu başqa tədbirlər də suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər halda, o cümlədən beynəlxalq praktika məsələlərində əməkdaşlığın məzmununu, bu sahədə müsbət təcrübəni qoruyub saxlamaqdır.
Mixail Qusman: 25 il bundan əvvəl, 1997-ci ildə Rusiya və Azərbaycan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında Müqavilə imzalayıblar. 2008-ci ildə bu müqavilə Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə möhkəmlənib. Şübhə yoxdur ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsasını hüquq bərabərliyi və mehriban qonşuluq prinsipləri təşkil edir. Əslində, bu prinsiplər Rusiya və Azərbaycan xalqları arasında əsrlər boyu yaranmış dostluq, qarşılıqlı hörmət ənənələrinin davamıdır.
Mən Rusiya Prezidenti Vladimir Putin ilə Sizin münasibətlərinizə toxunmaq istərdim. Bilirəm ki, Sizin aranızda yetərincə sıx yoldaşlıq münasibətləri, necə deyərlər, “personal chemistry”, şəxsi münasibətlər yaranıb. Siz Rusiyaya səfərlər etmisiniz, Prezident Putin Azərbaycanda olub.
Prezident İlham Əliyev: Sizin qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir.
Mixail Qusman: Keçən il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev 60-cı doğum gününü qeyd etdi. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu yubiley münasibətilə İlham Əliyevi səmimi təbrik etdi.
Prezident Vladimir Putin: İlk növbədə, Onun ölkəsinə əmin-amanlıq, firavanlıq arzu edirəm. Ona görə ki, mən Onu neçə illərdir tanıyıram. Yüksək vəzifə tutan hər hansı abırlı insan kimi Onun da həyatının əsas məqsədi ondan ibarətdir ki, ölkəsi üçün yaxşı olsun, insanlar üçün, Azərbaycan xalqı üçün yaxşı olsun. Mən Ona, ilk növbədə, həyati məqsədlərinin, niyyətlərinin reallaşmasında uğurlar diləyirəm. Əlbəttə, Ona firavanlıq, cansağlığı arzu edirəm. Nəisə dolaşıq salacağımdan qorxuram, məncə Azərbaycan folklorunda bir atalar sözü var: “Həqiqi dost yüz ildən sonra da dostdur”. O bilməlidir ki, onun dostları var, o cümlədən Rusiyada da. Ümidvarıq ki, O da bizə, Rusiyaya eyni hisslər bəsləyir. Ona ən xoş arzularımı bildirirəm və yubileyi münasibətilə təbrik edirəm.
Müəllifdən: 2024-cü ilə qədər olan dövrdə Rusiya – Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə fəaliyyət planı 5 yol xəritəsində əks olunub. Bu xəritələr çərçivəsində ticarətdə maneələrin aradan qaldırılması; nəqliyyat infrastrukturunun inkişafı; elmtutumlu birgə istehsalatlar yaradılması; qarşılıqlı turist mübadilələrinin artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev: Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik.
Mixail Qusman: Bu gün Azərbaycan gələcəyə istiqamətlənib. İqtisadi islahatlar uğurla inkişaf edir, kənd təsərrüfatı və sənaye yüksək səmərəlilik nümayiş etdirir. Biznes üçün gözəl şərait yaradılıb. Azərbaycan xalqı quruculuqla məşğuldur. Əlbəttə, çox iş görülüb, lakin ölkənin daha da firavanlaşması üçün Prezident Əliyev qarşıya daha yüksək məqsədlər və genişmiqyaslı vəzifələr qoyur.
Azərbaycan vətəndaşları: - Azərbaycan mənim Vətənim, şərəfim və ləyaqətim, vicdanımdır. Biz əsrlər boyu bu torpağı Vətən adlandırmaq hüququnu insanların həyatı bahasına qazanmışıq.
- Mənim doğmalarım və yaxınlarım, mənim işim buradadır.
- Azərbaycanın dünyada öz mövqeyi və öz səsi var.
- Azərbaycan mənim üçün hər şeydir – mənim Vətənim, torpağım, ata yurdumdur, mən burada doğulmuşam, boya-başa çatmışam və xoşbəxt yaşayıram.
- Bu diyarın çöllərindən başlamış uca dağlarına qədər sərhəd bilməyən nadir təbiəti var.
- Öz Vətəninə xidmət etmək hər bir vətəndaşın borcudur.
- Mən öz Vətənimin firavanlığı üçün hər şeyi edirəm və edəcəyəm.
- Azərbaycanın qarşısında çox vəzifələr var. Biz öz Vətənimiz uğrunda canımızdan keçməyə hazırıq.