Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçirilib

2022.01.28 17:50 (UTC+04:00)

Yanvarın 28-də Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və “ABB-İnvest” investisiya şirkəti tərəfindən kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn sertifikatlı təlim keçirilib.

BFB-dən bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.