İl ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı 300 mini ötüb

2022.01.28 17:37 (UTC+04:00)

Daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılması, prosedurların sadələşdirilməsi, xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün innovativ yanaşmaların tətbiqi əsas məqsədlərdəndir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məqsədlərin reallaşdırılması istiqamətində işləri davam etdirir. Belə ki, 2021-ci il ərzində 305.308 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu göstəricinin 64.737-si (21,2%-i) ilkin, 240.571-i (78,8%-i) isə təkrar qeydiyyatın payına düşür.

2021-ci il ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı ötən illə müqayisədə 28,6% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 48.588-i fərdi yaşayış və bağ evi, 91.546-sı mənzil, 152.706-sı torpaq sahəsi, 3.593-ü qeyri-yaşayış binası, 8.019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, ötən il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 101.906-sı Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Daşınmaz əmlakın ilkin qeydiyyatı

2021-ci il ərzində 16.082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2020-ci illə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 20,5% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı 2020-ci illə müqayisədə 23,8% artaraq 15.637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 37,1% artaraq 3.670 olub.

Tərtib edilən texniki pasportların və qeydiyyata alınan ipoteka müqaviləsinin sayı

Ötən il ərzində 237.447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, 2020-ci il ilə müqayisədə 18,9% artım deməkdir. 2021-ci ildə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 2020-ci illə müqayisədə 64,5% artaraq 53.775 olub.