Özbəkistanda tekstil sektoruna yeni vergi güzəştləri tətbiq olunacaq

2022.01.28 13:10 (UTC+04:00)

Özbəkistanda, boyanmış parça, hazır geyim və trikotaj istehsal edən müəssisələrə fevralın 1-dən müxtəlif növ ssudalar, vergi təşviqləri və güzəştli kreditlər veriləcək.
Prezident Şavkat Mirziyoyevin imaladığı sərəncam əlavə dəyəri yüksək olan hazır məhsulların istehsalını və ixracını təşviq etmək məqsədi daşıyan silsilə tədbirləri nəzərdə tutur. Sərəncamın həyata keçirilməsi çərçivəsində Sərmayələr və Xarici Ticarət Nazirliyi yanında Tekstil Sənayesinə Dəstək Fondu yaradılacaq. Bu fond üçün 50 milyon dollar həcmində maliyyə mənbəyinin ayrılması planlaşdırılıb.
Sərəncama əsasən, boyalı və qarışıq parça istehsal edən müəssisələrə fevralın 1-dən 3 il ərzində yeni satın alınan təchizatın dəyərinin 10 faizi miqdarında ssuda veriləcək. Bundan əlavə, həmin müəssisələrə satın alınacaq yeni avadanlıqların dəyərinin 15 faizi miqdarında ilk ödəmə üçün 7 il müddətinə güzəştli kredit veriləcək.
Prezident sərəncamı ilə rəngli parça, hazır geyim və trikotaj ixrac edən şirkətlərə banklar tərəfindən 3 milyon dollaradək güzəştli kredit ayrılacaq, istehsal etdiyi məhsulların ən azı 80 faizini ixrac edən müəssisələrə isə bir sıra vergi güzəştləri veriləcək.