İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclar biznes fəaliyyətinə yeni başlayan, eləcə də investorlar üçün yeni imkanlar yaradır. Onlar bu fürsətdən yararlanmaqla müxtəlif növ dövlət əmlakına sahib ola bilirlər.
Xidmət tərəfindən növbəti hərrac 22 fevral tarixində keçiriləcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif ediləcək. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir.
Kiçik dövlət müəssisə və obyektlərinin 1-i istisna olmaqla, qalanları bölgələrimizdə yerləşir. Paytaxtda yerləşən 42 saylı mağazanın ümumi faydalı sahəsi 1664.4 kvadratmetr, ilkin satış qiyməti 400 000 manatdır.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılacaq. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970-2009-cu illər arasında dəyişir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.