Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib

2019.04.08 16:48 (UTC+04:00)

"Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi"nə uyğun olaraq, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında işçi qrup yaradılıb.

İşçi qrupun ilk iclasının keçirilməsi məqsədilə 3-5 aprel tarixlərində Rusiyanın Federal Vergi Xidmətinin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüblər. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrup çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb. M.Cabbarov işçi qrupun iclasını ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

Sonra Vergilər Nazirliyində işçi qrupun iclası keçirilib. İclasda vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətəmələgəlməsinə nəzarət, vergi ödəyicilərinin qeydiyyatı, o cümlədən vergi ödəyicilərinə xidmət sahələrində təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində Rusiya nümayəndə heyəti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının vahid qeydiyyat orqanı prinsipi - "bir pəncərə" sistemi ilə tanış olublar.