Almaniya transmilli şirkətlərə 15 faizlik minimal vergini tezliklə tətbiq etməyin tərəfdarıdır

2022.01.26 13:47 (UTC+04:00)

Almaniyada federal və əyalət hökumətlərinin maliyyə sahəsinə məsul qurumları qlobal şirkətləri 2023-cü ildən Almaniyada ən az 15 faiz vergi ödəmək öhdəliyinə cəlb etmək üçün qanun layihəsi hazırlamaq üçün ilk görüşmələri keçirib.

“Wirtschaftswoche” dərgisinin ölkənin Maliyyə Nazirliyinə istinadən yaydığı xəbərə görə, Almaniyanın maliyyə naziri Kristian Linder transmilli şirkətlərə qlobal miqyasda 15 faizlik minimal korporativ verginin tətbiqinin “daha erkən bir tarixdə” – 2023-cü ildə tətbiq olunmasını istədiyini bildirib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2012-ci ildən bəri üzərində çalışdığı, 140 ölkənin iştirakı ilə müzakirə etdiyi qlobal korporativ vergi ilə əlaqədar tənzimləmə barədə keçən ilin oktyabr ayında razılıq əldə edib.

Dünyanın ən böyük 20 iqtisadiyyatının (G20) liderləri də bu verginin tətbiqi ilə bağlı sazişi 2021-ci ilin oktyabrında Romada keçirilən Liderlər Zirvəsində qəbul edib. Saziş “Google”, “Amazon”, “Microsoft” və“Facebook” kimi internet şirkətləri də daxil olmaqla transmilli şirkətlərin ən azı 15 faizlik vergiyə cəlb olunmasını nəzərdə tutur.