Nazirlər Kabineti tenderlərlə bağlı qərarlarında dəyişikliklər edib

2019.04.08 15:33 (UTC+04:00)

Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmi. "Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi"nə "Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat" sütunu əlavə edilib.

"Güzəştlərin tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarında 2.2. 2-ci hissə ləğv edilib.

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilən "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi"ndə də dəyişikliklər edilib.

Sənədin 13.1-ci bənddə "30" rəqəmi "15" rəqəmi ilə əvəz olunub. 13.2-ci və 13.3-cü bəndləri isə aşağıdakı redaksiyada verilib:

"13.2. Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.

"13.3. Müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.";

Eyni zamanda sənədə 13.5-ci bənd əlavə edilib:
"13.5. Müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır."

14.1-ci bəndə isə aşağıdakı məzmunda üçüncü cümlə əlavə olunub:
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur".

16-cı hissəyə yeddinci cümlə əlavə edilib:
"Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, submüqavilələrin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır".