Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafında səmərəliliyə nail olunması üçün qadın sahibkarların rolu xüsusilə önəmlidir

2022.01.25 14:07 (UTC+04:00)

Bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə qadınların mövcud potensial imkanlarından istifadə mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. KOBİA bu və ya digər dəstək tədbirlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını da əhatə etməsində maraqlı olmaqla yanaşı, həmin bölgələrdə qadın sahibkarlığın inkişafı üçün müvafiq dəstəyin göstərilməsinə hər zaman hazırdır. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var.

Bu sözləri yanvarın 25-də keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur ki, ötən il Şuranın tədbirlərinin biri də “Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilib.

Bununla yanaşı, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri (KOBİM) tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb.

Növbəti dəstək tədbirlərindən biri də 2021-ci il ərzində Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birlikdə həyata keçirən "Məktəbim" layihəsidir. Layihə çərçivəsində keçirilən təlimlərdə 65 qadına KOBİM-lərin ekspertləri tərəfindən biznes yönümlü təlimlər təşkil olunub və biznes planlarının hazırlanmasına dəstək göstərilib.

“Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən il ərzində 3 qadın sahibkara təqdim olunan layihə çərçivəsində qrant, 4 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib, eyni zamanda, qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı”ndan 99 qadın bəhrələnib”, - deyə Orxan Məmmədov qeyd edib.

Agentliyinin İdarə Heyəti sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafında səmərəliliyə nail olunması, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolu önəmlidir. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcək. Bütün bunlarla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialı və sərmayə imkanlarına dair fəal təbliğat işlərinin aparılması fəaliyyət gündəliyimizdə prioritet təşkil edir.