İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 980 müraciət daxil olub

2022.01.25 12:36 (UTC+04:00)

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu baxımdan yaranan yeni reallıqlara çevik reaksiyanın verilməsi üçün qadın sahibkarların iştirakı ilə bu cür tədbirlərin və müzakirələrin təşkilini olduqca vacib hesab edirik. Düşünürəm ki, bugünkü tədbirin təşkili qadın sahibkarların Qarabağ və Şərqi Zəngəzurda biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi, onların təkliflərinin dinlənilməsi və sözügedən iqtisadi rayonlarda sahibkarlıq fəaliyyətinin təşviqi baxımından əhəmiyyətli olacaq.

Bu sözləri yanvarın 25-də keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən qadın sahibkarlar da var. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb, proses hazırda da davam etdirilir. Bu müraciətlər arasında qadın sahibkarlarımızın da müraciətləri diqqəti cəlb edir. Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir ki, onların da 24-ü investisiya layihələrinə, 18-i isə digər iş və xidmətlərin həyata keçirilməsinə aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-isə səhiyyə sahələri üzrə olub.