Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur
2022.01.26 16:13 (UTC+04:00)
Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız ödənişlərə tətbiq edilir.
Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilmiş əlavəyə əsasən, 2021-ci ilin 1 yanvar tarixindən 8 il müddətinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilmiş vəsaitlərin həmin hesabat ili üzrə əldə edilmiş mənfəətin 10 faizindən çox olmayan hissəsi qədər mənfəətdən azaldılmasına yol veriləcəkdir.
Misal: Vergi ödəyicisi 2021-ci il ərzində YAŞAT Fonduna 1.000 manat vəsaiti nağdsız qaydada köçürmə edib. Həmin il ərzində ödəyicinin vergiyə cəlb edilən mənfəətinin həcmi 5.000 manat olub. Bu məbləğin 10 faizindən çox olmayan hissəsinin qədər mənfəət vergisindən azad olduğunu nəzərə alsaq:
5.000 x 10% = 500 manat
Deməli, həmin vergi ödəyicisinə 500 manat məbləğində mənfəətdən azadolma tətbiq ediləcəkdir. Bu halda Mənfəət vergisi 900 manat təşkil edəcək:
(5.000-500) x 20% = 4.500
4.500 x 20% = 900 manat.
Qeyd edək ki, sözügedən fondlara ödənişlər gəlirdən çıxılan xərclərə aid edilmir, mənfəət vergisinə cəlb edilən məbləği azaldır.