Ötən il KOBİM-in xidmətlərindən 23 min KOB subyekti faydalanıb

2022.01.24 13:30 (UTC+04:00)

Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, 17 min saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb.

KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir və ötən il 76 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib.