İqtisadçı ekspert Altay Cəfərov Vergi Məcəlləsinin tələblərini şərh edərək bildirib ki, misal üçün, vergi ödəyicisi 300 manatlıq yerli kənd təsərrüfatı məhsulunu pərakəndə ticarət obyektindən alır və e-vergi hesab-fakturası tələb edir. Pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisi, təbii ki, e-vergi hesab-fakturasında məbləğləri yazmalıdır. Bu zaman ilkin olaraq həmin malların alış dəyəri müəyyənləşməlidir. Vergi Məcəlləsinin 13.2.64.-cu maddəsində qeyd olunub ki, ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda, bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqinə deyilir. Yəni ticarət əlavəsinin müəyyənləşdirilməsi üçün bu addım atılmalıdır.
Nəzərə alsaq ki, 300 manatlıq məhsulların alış dəyəri 200 manatdır, onda alıcı vergi ödəyicisinə təqdim etdiyi e-vergi hesab-fakturasında 200 manat ƏDV-dən azad olunan dövriyyəni, ticarət əlavəsi olan 100 manat (ƏDV-siz 84,75 manat) ƏDV ilə birlikdə məbləği, ümumi 300 manatı isə malların satış dəyəri kimi yazmalıdır. Əgər ƏDV-siz 254,24 manat qeyd olunsa, o zaman ƏDV 45,76 manat (ümumi satış dəyəri 300 manat) olacaqdır ki, bu da uçot və hesabatlılıq baxımından səhvdir. Faktiki olaraq hesablanılıb ödəniləcək ƏDV ticarət əlavəsi 100 manat olarsa, ƏDV 15,25 manat təşkil edir.
Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci və 174.3-cü maddələrinə əsasən, yerli istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ƏDV-si ancaq ticarət əlavəsindən hesablanıldığına görə, pərakəndə ticarət zamanı alıcılara e-vergi hesab-fakturasının yuxarıdakı kimi təqdim edilməsi daha düzgündür. Qeyd olunanlar bitkiçilik məhsullarının alışı və satışına da aiddir. Amma məsələnin sənaye üsulu ilə həlli (xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair istehsal edilmiş) heyvanların və quşların yetişdirilməsinə aiddir. Belə məhsullarda ən əsas məsələ onlardan kənd təsərrüfatı məhsullarının diri şəkildə əldə edilməsidır. Misal üçün, ət alışı və satışı zamanı Vergi Məcəlləsinin 159.1-ci və ya 174.3-cü maddələri tətbiq edilmir. Həmçinin satın alınan diri qoyunun sonradan kəsilib pərakəndə ticarət obyektində satılması zamanı ƏDV məqsədləri üçün 159.1-ci və ya 174.3-cü maddələri tətbiq etmək olmur. Çünki bu maddələr yerli istehsal olan kənd təsərrüfatı məhsullarına (diri formada) münasibətdə tətbiq edilir. Kəsilib satılma isə kənd təsərrüfatı məhsulunun emal edilməsi sayılır və bu, kənd təsərrüfatı məhsulları anlayışına daxil deyil. Odur ki, pərakəndə ticarət vergi ödəyiciləri bu məsələlərdə də diqqətli olmalıdırlar.
Fəxriyyə İKRAMQIZI