Tanzaniyada valyutadəyişmə məntəqələri bağlanıb

2019.04.08 13:47 (UTC+04:00)

Şərqi Afrika ölkəsi olan Tanzaniyada vergi qaçaqlığı və çirkli pulların yuyulması şübhəsi ilə bütün valyutadəyişmə məntəqələrinin qapısına qıfıl vurulub. Maliyyə Nazirliyinin açıqlamasına görə, valyutadəyişmə məntəqələri bəyan etdikləri məbləğdən daha çox pulla əməliyyat apararaq vergi qaçaqlığına və çirkli pulların yuyulmasına şərait yaratdıqları üçün hökumət bu tədbirə əl atmaq məcburiyyətində qalıb. Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, valyutadəyişmə məntəqələri fəaliyyət göstərəndə yerli pul vahidi - şillinq dəyərdən düşürdü, hökumətin qərarından sonra isə ABŞ dolları ilə müqayisədə şillinqin qiyməti əhəmiyyətli şəkildə artmağa başlayıb.

Qeyd edək ki, Tanzaniyanın dövlət başçısı keçən il valyutadəyişmə məntəqələri üzərində nəzarətin gücləndirilməsi, onların fəaliyyəti ilə bağlı araşdırma aparılması barədə tapşırıq vermişdi.