Özəlləşdirilən dövlət əmlaklarının 10 milyon manat vergi borcu silinəcək

2019.04.08 12:31 (UTC+04:00)

Prezident İlham Əliyev "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb. Artıq bu qanundan yararlanacaq müəssisələrin təxmini sayı açıqlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda 140 dövlət müəssisəsinin əmlak və torpaq vergisi üzrə borcları silinəcək. Həmin borcların ümumi məbləği 10 milyon manatdır. Qeyd edək ki, adıçəkilən fərmanda müəssisənin özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcunun 30 faizini 1 il müddətinə, 50 faizini 2 il müddətinə, 70 faizini isə 3 il müddətinə ödəyərsə, borcun yerdə qalan hissəsi silinəcək. Bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azala da bilər. Qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının 2019-cu il martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borcları da silinəcək.