BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyini proqnozlaşdırıb

2022.01.19 13:30 (UTC+04:00)

Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunları ilə bağlı ilkin rəqəmləri açıqlayıb. Komitənin hesablamalarına görə, ötən il ümumi daxili məhsul (ÜDM) 2020 il ilə müqayisədə 5,6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Hesabatı təhlil edən millət vəkili Vüqar Bayramov bildirib ki, bu müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunduğu deməkdir.

Rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb.

Statistik göstəricilər iqtisadi artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir. ÜDM istehsalında 42,5 faizlə sənaye öndədir. Digər sektorların payı belədir: 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı; 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 5,9 faizi tikinti; 1,8 faizi informasiya və rabitə; 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri; 17,2 faizi digər sahələr. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.

2022-ci ildə həm Azərbaycan höküməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir.