Son zamanların sensasiyalı kriminal xəbərlərində məşhurların, xüsusilə də futbolçuların vergi orqanları ilə məhkəmə çəkişmələrinə daha çox yer verilir. İngiltərənin "Çelsi" futbol komandasının oyunçusu Nqolo Konte isə sözün həqiqi mənasında dünya üçün müsbət örnək göstərməyi bacarmışdır.
"Çelsi" ilə imzaladığı 5 illik müqaviləyə əsasən, onun dövlət büdcəsinə ödəyəcəyi verginin məbləği "Amazon" və "Starbucks" kimi transmilli şirkətlərdən çox olacaq. "The Sun" qəzetində nəşr edilmiş xəbərə əsasən, Fransa vətəndaşı olan yarımmüdafiəçi hər həftə 290 min funt sterlinq (1 funt sterlinq=2,17 manat) pul qazanacaq və onun illik qazancı 15 milyon funt sterlinqdən artıq olacaq. İngiltərənin vergi qanunvericiliyinə əsasən, 27 yaşlı Konte yeni maaşına uyğun olaraq, hər il 6,7 milyon funt sterlinq vergi ödəməli olacaq. Xəbərdə qeyd edilmişdir ki, beynəlxalq miqyasda biznes fəaliyyəti ilə məşğul olan "Amazon" və "Starbucks" şirkətlərinin ikisinin birlikdə ödədiyi verginin ümumi məbləği (müvafiq olaraq 1,7 və 4,5 milyon funt sterlinq) bir futbolçunun ödədiyi vergidən azdır. Şirkətlərin ikisinin vergi borcu üst-üstə 6,2 milyon funt sterlinq edir. Qeyd edək ki, Nqolo Konte beş il bundan əvvəl Fransanın üçüncü liqasında yarışan komandalardan birinin heyətində oynayırdı. Oradan əvvəlcə 4,5 milyon avro qarşılığında "Lester Siti" komandasına transfer edilmiş, komandası 2015-2016-cı il çempionatında İngiltərə çempionu olmuşdur. 2016-cı ildə 20 milyon avroya "Çelsi" klubuna transfer edilən Nqolo Konte 2018-ci il dünya çempionatında Fransa yığma komandasının heyətində dünya birincisi olmuşdur.