Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsinə başlanılıb

2022.01.18 14:11 (UTC+04:00)

Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) və İcbari Sığorta Bürosu (İSB) arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə keçirilən mətbuat konfransında İSB-nin icraçı direktoru Rəşad Əhmədov deyib.

O bildirib ki, proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyə gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyədə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.

İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.