İqtisadiyyat Nazirliyində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaş ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizdə iqtisadiyyatın dəstəklənməsi və inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması tədbirlərini diqqətə çatdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verən nazir müavini bu ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinın fəal iştirakını vurğulayıb. Bu, Türkiyə-Azərbaycan müttəfiqliyini və qardaşlığını bir daha nümayiş etdirir.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, TDMMB-nin sədri Mücahit Demirtaş Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, memarlıq və şəhərsalma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.
Tərəflər Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.