Belçika futbolunda onlarla şəxsə qarşı vergi qaçaqlığı iddiası irəli sürülüb

2022.01.18 13:27 (UTC+04:00)

Belçikanın hüquq-mühafizə orqanları, aralarında futbol dünyasından klub rəhbərlərinin, baş məşqçilərin və hakimlərin də olduğu 57 nəfərə vergi qaçaqlığı, rüşvət, çirkli pulların yuyulması kimi müxtəlif cinayətlər üzrə məhkəmə işi açmağa hazırlıq görür.

Belçikanın federal prokurorluğu hələ 2018-ci ildə ölkə futbolundakı iqtisadi cinayətlərin araşdırılması üçün "Operation Zero" adlı təhqiqat prosesinə başlamışdı. Cinayət iddiasında adı hallandırılanlar arasında "Standard Liege”, “Bruges”, “Anderlecht”, “Charleroi”, “Gent” kimi dünyada məşhur klublar var.
Sabiq futbolçu meneceri Dejan Veljkoviçin etirafları ilə genişləndirilən təhqiqat nəticəsində məhkəməyə çıxarılacaq şəxlərin arasında Veljkovişin özünün olmadığı aşkarlanıb. Belçika ictimaiyyəti serb əsilli D.Veljkoviçin hakimlərlə “dil tapdığını” iddia edir.
İrəli sürülən iddialar transferlərdə vergidən yayınmaq üçün “vergi cənnətlərinə” pul köçürülməsi, qanunazidd olaraq komissiya haqqının alınması, bəzi oyunların nəticələrinin əvvəlcədən “danışılması”, transferlər üçün klub rəhbərlərinə bahalı əşyaların rüşvət verilməsi kimi məsələləri əhatə edir.