Yanvarın 14-də Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında əməkdaşlıq memorandumu imzalanıb.
KOBİA-dan bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar. Sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin, digər sahələr üzrə məlumatların, KOB-lara xidmət üzrə təcrübə mübadiləsinin, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.