Tutaq ki, fiziki şəxs daşınmaz əmlakını hüquqi şəxsə aylıq 1.000 manata icarəyə verib. Fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçota durub və başqa heç bir fəaliyyəti yoxdur. Bu halda, həmin fiziki şəxs vahid bəyannamə təqdim etməlidirmi? MDSS necə hesablanılır? Bəs fiziki şəxs vergi orqanında uçota durmamışdırsa, necə olacaq?
Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxslərin əmlakının icarəyə verilməsindən əldə etdiyi gəlirləri ödəmə mənbəyində 14 faiz vergiyə cəlb edilir. Baxmayaraq ki, bir çox hallarda, həmin fiziki şəxslər vergi ödəyicisi kimi vergi orqanlarında uçota dururlar, icarə haqqına görə onlara ödənilən məbləğin 14 faizi ödəmə mənbəyində vergiyə cəlb olunur.
Nəzərdən keçirdiyimiz misalda ödəmə mənbəyində 140 manat vergi tutulur və icarədara 860 manat ödənilır:
1000 x 14% = 140 manat.
1000 – 140 = 860 manat.
Ancaq icarəçi vergi ödəyicisi olmayan fiziki şəxs olarsa, onda əmlakını icarəyə verən fiziki şəxs VÖEN almalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli, 14 faizlik vergi ödəməlidir.
Məcburi dövlət sosial sığorta ödənişi üçün “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində nəzər yetirməliyik:
Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri
Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:
Muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir...)
Göründüyü kimi, fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər MDSS tutulmayan gəlir növlərinə aiddir. Ona görə də əmlakını icarəyə verən fiziki şəxslər heç bir sosial sığorta haqqına cəlb edilmirlər.
Bu məqama diqqət yetirmək lazımdır: vergi ödəyicisi kimi uçota durmuş fiziki şəxs əmlakını icarəyə verənkən ondan vahid bəyannamənin təqdim edilməsi tələb olunarsa, bu haqda vergi orqanlarına məlumat verməlidir ki, bu mükəlləfiyyət ləğv edilsin. Əks halda, həmin fiziki şəxsə hər rüb 40 manat maliyyə sanksiyası kəsiləcək.