Kanadanın Kvebek əyalətində COVID-19-a qarşı peyvənd vurdurmaqdan imtina edən şəxslər üçün yeni bir verginin – “sağlamlıq vergisi”nin tətbiqi gündəliyə gətirilib.
Əyalətin Baş naziri Fransua Leqo ilk peyvənd dozasını vurdurmaqdan imtina edən şəxslərin səhiyyə sistemi məruz qoyduqları təsirlərin əvəzini ödəmək məcburiyyətində qalacaqlarını bildirib: “Kvebekdə əhalinin təxminən 10 faizi hələ peyvənd olunmayıb. Bunlar əyalətin bütün əhalisi üçün maliyyə problemi yaradırlar. Belə bir tədbirə əl atmağımızın fədakarlıq edən 90 faizə borcumuzun qarşılığı olduğunu düşünürəm”, - əyalət rəhbəri vurğulayıb.
Fransua Leqo yeni verginin məbləğinin nə qədər olacağını və qərarın nə vaxtdan qüvvəyə minəcəyini konkretləşdirməsə də, Kvebek əyalətinin peyvənd pasportunun tətbiqi ilə bağlı tədbirləri genişləndiriləcəyini qeyd edib.