Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb

2022.01.11 13:55 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu”nu təsdiq edib.

Bununla bağlı qərar Türkiyənin “Rəsmi Gazete”ində dərc olunub.

Razılaşmaya əsasən, Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb. Azərbaycandan illik olaraq idxal edilən 1,7 milyard kubmetr təbii qaz “SOCAR Turkey Enerji A.Ş” ehtiyacları üçün təmin ediləcək.

Xatırladaq ki, memorandum ötən ilin dekabrın 22-də Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.