Almaniyanın Xarici Ticarət Assosiasiyasının rəhbəri əcnəbi işçilərdən tutulan verginin azaldılmasını təklif edib

2022.01.06 13:30 (UTC+04:00)

Almaniyanın Federal Topdansatış və Xarici Ticarət Assosiasiyasının prezidenti Dirk Yandura hökuməti ixtisaslı əcnəbi işçilərin vergi yükünü azaltmağa çağırıb və miqrasiya siyasəti məsələlərinə sistemli yanaşmağın zəruri olduğunu bildirib. TASS agentliyinin xəbərinə görə, cənab D.Yandura ixtisaslı kadrların çatışmazlığının rəqabət mübarizəsində həlledici amil olduğunu deyib: “Əcnəbi mütəxəssislərə Almaniyanı daha cəlbedici etmək üçün ilk iki-üç il ərzində təşviq məqsədilə onlara vergi güzəştləri etmək lazımdır”, - D.Yandura qeyd edib.

Onun fikrincə, hazırda miqrasiya sahəsində qüvvədə olan qaydalar son dərəcə pərakəndədir: “Dəqiq qaydaları olan sistemli yanaşma olmalıdır. Stimullaşdırmaq üçün bizə hansı ixtisas təhsilinə malik mütəxəssislər lazım olduğu dəqiq müəyyənləşdirilməlidir. Dünyada ən yüksək ağıllar uğrunda mübarizə tam sürəti ilə davam edir və biz bu mübarizədən kənarda qala bilmərik”, - Almaniyanın Federal Topdansatış və Xarici Ticarət Assosiasiyasının prezidenti D.Yandura vurğulayıb.