Vüqar Bayramov: Ötən il qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatındakı artımı müəyyənləşdirən lokomotivə çevrildi

2022.01.05 17:37 (UTC+04:00)

2021-ci il Azərbaycan iqtisadiyyatı üçün fərqli il oldu. Ötən ilin yanvarından Azərbaycanda sərt karantin tədbirlərinin yumşaldılmasına başlanıldı. Bu da təbii ki, real sektorun mərhələli şəkildə açılmasına imkan yaratdı. 2021-ci ilin birinci yarısından sonra Azərbaycan iqtisadi artım tempini bərpa edə bildi.

Bu barədə deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, ilin yekunlarında ölkəmizin iqtisadiyyatının 5 faizdən çox böyüyəcəyi proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, pandemiyanın təsirlərinin davam etməsinə baxmayaraq, Azərbaycan ötən ildə iqtisadi artıma nail ola bildi. Bu, bütövlükdə iqtisadi fəallığın bərpası, pandemiyanın təsirlərinin minimumlaşdırılması baxımından kifayət qədər vacib hesab olunur. 2021-ci ilin əsas məqamlarından biri iqtisadi artımın daha çox qeyri-neft sektorunun artımı hesabına baş verməsi oldu. Praktik olaraq qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatındakı artımı müəyyənləşdirən lokomotivə çevrildi. Bu da təbii ki, iqtisadi artımın dayanıqlılığı baxımından önəmlidir.

Deputat əlavə edib ki, pandemiyanın xidmət, turizm sektorlarına təsirləri də müşahidə olundu. Ölkəyə gələn turistlərin sayında azalmalar baş verdi. Artıq turizm sektoru mərhələli şəkildə bərpa olunmağa başlayır. Ötən ilin ən vacib məqamlarından biri işğaldan azad olunmuş ərazilərimizin bərpası və bu prosesin davam etdirilməsi oldu. Xüsusən də 2021-ci ildə bu ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərində bir sıra infrastruktur layihələri diqqəti çəkdi və Azərbaycan tarixində mühüm layihələrdən biri oldu. Zəfər yolu inşa edildi, Füzuli Beynəlxalq Hava Limanı çox qısa zamanda istifadəyə verildi.

“Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi daha da genişləndi. Belə ki, 2021-ci il Azərbaycan Avropaya 7 milyard kubmetrdən çox mavi qaz nəql etdi, Türkiyəyə əlavə olaraq 7 milyard kubmetr mavi qaz nəql olundu, o cümlədən Gürcüstan Azərbaycandan 1 milyard kubmetr mavi qaz aldı. Biz il ərzində Aİ ilə əməkdaşlığın güclənməsini müşahidə etdik. Bütün bunlar fonunda ötən il Azərbaycan iqtisadiyyatını müsbət qiymətləndirmək olar. Ötən il Zəfər bayramının qeyd olunduğu il kimi tarixə düşdü. Ötən il 2022-ci ildə genişmiqyaslı sosial paketin reallaşması üçün maliyyə bazası formalaşdırdı. Çünki büdcəyə nəzərdə tutulandan 1 milyard manatdan çox vəsait yalnız qeyri-neft sektorundan daxil oldu ki, bu da sosial istiqamətə daha çox vəsaitin ayrılmasına şərait yaradacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.