“OPEC+” ölkələri nazirlərinin növbəti iclası fevralın 2-də keçiriləcək

2022.01.05 15:35 (UTC+04:00)

“OPEC+” ölkələri nazirlərinin növbəti iclası fevralın 2-si baş tutacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, görüşdə nazirlər mart ayı üçün neft hasilatı planını müzakirə edəcəklər.

Qeyd edək ki, bir qədər əvvəl Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.