Müstəqil dövlətimiz 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazandı. Mühüm amal uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlar, qüdrətli Azərbaycan Ordusunun hərbçiləri qəhrəmanlıq salnaməsi yazdılar.
AZƏRTAC xəbər verir ki, Vətən qarşısında mənəvi borcunu şərəflə yerinə yetirənlər həm xalqımız, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və diqqətdə saxlanılır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Bu sahədə aparılan işlər çərçivəsində qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilir.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib. Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlər də gəlir vergisindən azad edilib.
Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.
Vergi Məcəlləsində edilmiş yeni dəyişikliyə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Bu sosial güzəştlər də, təbii ki, həmin kateqoriyadan olan insanların maliyyə-vergi yükünün azaldılmasına xidmət edir.
Qeyd olunan şəxslərin sosial müdafiəsinə dəstək məqsədli layihələrin davamı kimi, bir sıra sahibkarlıq subyektləri tərəfindən müvafiq fondlara müxtəlif yardımlar həyata keçirilir.
“YAŞAT”, “Qarabağ Dirçəliş Fondu” və digər fondlara edilən yardımlar üçün də sahibkarlara vergi güzəştləri tətbiq ediləcək. Belə ki, vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, “Yaşat” Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləği 2021-ci il yanvarın 1-dən 8 il müddətinə mənfəət vergisindən azad edilib.
Ödədiyimiz vergi iqtisadi artımdır
Sosial siyasətin mərkəzində məhz insan amilinin dayandığı ölkəmizdə həyata keçirilən müxtəlif dəstək tədbirləri dövlət başçısının “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin təsdiqidir.
Şəhid olmuş şəxslərin ailə üzvlərinin və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçuların və mülki şəxslərin sosial təminatı üçün dövlət büdcəsindən əhəmiyyətli miqdarda vəsait ayrılır. Son illər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər və mürəkkəb xarici iqtisadi mühitin yaratdığı təsirlərə baxmayaraq, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq, milli iqtisadiyyatımızın dayanıqlılıq səviyyəsi xeyli yüksəlib. Yeni iqtisadi artım siyasətinin mühüm komponenti onun sosialyönümlü olmasıdır.
2022-ci ilin əvvəlindən başlayaraq bir neçə mühüm sosial dəstək paketi, əmək haqlarında və sosial müavinətlərdə artımlar qüvvəyə minəcək. Sosial güzəştlər, sosial müavinətlərin və demək olar ki, bütün sahələrdə əmək haqlarının əsaslı artımı və s. özlüyündə böyük maliyyə yükü daşıyan qərarlardır.
Çox mühüm məsələdir ki, bütün bu layihələrin maliyyə yükü neft gəlirlərinin və ya Neft Fondunun vəsaitləri hesabına deyil, iqtisadi sahədə əldə edilmiş artımın, fiskal tədbirlərin nəticəsi kimi dövlət büdcəsinin gəlirləri hesabına həll edilir. Bu baxımdan, dövlət büdcəsinə vergi daxilolmalarının artımını xüsusilə vurğulamaq lazımdır.
Belə ki, cari ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat həcmində vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz çoxdur.
Vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyil, iqtisadiyyatın və biznesin inkişafına münbit şərait yaradan, əsas iqtisadi idarəetmə vasitələrindən biridir. Vergi sistemində aparılan islahatlar, şəffaflaşma göstəricilərinin yaxşılaşması əldə olunan nəticələrin əsasını təşkil edir.
2021-ci ilin on bir ayında iqtisadiyyatda, o cümlədən ticarət sektorunda dövriyyələrin şəffaflaşması prosesi yüksələn xətlə davam edib. Bu dövrdə onlayn kassa quraşdırılmış vergiödəyiciləri üzrə dövriyyənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 13,9 milyard manata çatıb.
Yeni zəfərlər naminə...
Vergiləri vaxtlı-vaxtında ödəmək, şəffaf fəaliyyəti stimullaşdırmaq sosial məsuliyyətlə yanaşı, dövlətimizin inkişafı və cəmiyyətin xoşbəxt gələcəyi naminə şərəfli bir missiyadır. Ödədiyimiz vergilər dövlət büdcəsinə, oradan isə əhalinin rifahına, sosial məqsədlərə, hərbi sahəyə və xalqımızın daha firavan yaşamasına yönəldilir. Vətən uğrunda canından keçən, döyüş əməliyyatlarında iştirak edən və qələbəni bizə yaşadan hər kəsin sosial təminatına dəstək vermək başlıca vəzifəmizdir.
Zəfəri bizə yaşadanlar üçün həyata keçirilən tədbirlər xalqımızın mənəvi dəyərlərə, müqəddəs amala və Vətənimizə olan sevginin bariz nümunəsi olmaqla gələcək nəsillər üçün də örnəkdir.