Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:
- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
- Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.
- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.
- Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
- Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
- Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
- Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir.
- Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.
- Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Vergi Məcəlləsinə gələn ildən nəzərdə tutulan dəyişikliklərə əsasən, həmin maddənin ötən ildə vergi tutulan mənfəəti olmayan vergi ödəyicilərinə də tətbiq edilməsi gözlənilir.
Misal: Tutaq ki, “XX” MMC şirkəti 2021-ci ili 20 min manat zərərlə bağlayıb. 151.5-ci maddənin köhnə versiyasına görə, 2022-ci ildə “XX” MMC şirkəti cari vergi ödənişlərini ödəməli deyildi; yalnız il tamam olduqdan 31 mart 2023-cü il tarixinədək mənfəət və zərər bəyannaməsini təqdim etməklə şirkətin vergi öhdəliyi yaranacaqdı.
01 yanvar 2022 tarixdən qüvvəyə minəcək dəyişikliklər nəticəsində isə şirkət 15 aprel 2022-ci il tarixinədək cari vergi ödənişlərini artan yekun üsulu ilə hesablayan 151.5 modelinə uyğun olaraq cari vergi ödənişləri haqqında arayış təqdim etməlidir və hesablanmış verginin ən azı 75%-ni büdcəyə ödəməlidir.
Məsələn, tutaq ki, 2022-ci ilin birinci rübündə şirkətin gəlirləri 15 min manat, xərcləri isə 5 min manat təşkil edib. Bu halda şirkət aprelin 1-dən 15-dək aşağıdakı üsulla hesablanmış vergi ödənişini icra etməyə borcludur:
((15.000 – 5.000) x 20% ) x 75% = 1.500 manat.
Bəs əvvəlki illərdə əldə edilmiş zərəri hüquqi şəxslər üçün 5 ilədək, fərdi sahibkarlar üçün isə 3 ilədək gələcək hesabat dövrlərinə köçürməyə imkan verən Vergi Məcəlləsinin 121-ci maddəsinin təsiri necə olacaq? Əslində, vergi ödəyicisi bu zərərin cari ilin ötən hissəsinə uyğun olan hissəsini hesablamalarında nəzərə ala bilər. Yuxarıdakı misalda bu, keçən ilin itkisinin ¼ hissəsidir, çünki cari ilin cəmi dörddə biri keçib:
((15.000 – 5.000 – (20.000 x 1/4) x 20%) x 75% = 750 manat.
Fərziyyələrimizi davam etdirək. Tutaq ki, 2022-ci ilin ikinci rübündə şirkətin gəlirləri 20 min manat, xərcləri isə 10 min manat olub. İkinci rüb üçün cari vergi ödənişlərinin hesablanması belə olacaq:
(15.000 + 20.000 – 5.000 – 10.000 – 20.000 x 1/2) x 20% x 75% = 1.500 manat.
Birinci rübdə şirkət cari vergi ödənişlərinin artıq 750 manatını ödədiyi üçün ikinci rüb üçün 1.500 – 750 = 750 manat ödəyəcək.
Cari vergi ödənişləri haqqında arayış müəyyən edilmiş müddətdə təqdim edilmədikdə vergi orqanları mövcud məlumatlar (verilmiş elektron qaimə-fakturalar və s.) əsasında onları müstəqil hesablamaq hüququnu özündə saxlayır. Ən pis halda, vergi ödəyicisi ilin sonunda mənfəət və zərər bəyannaməsini təqdim etməklə bunun üçün lazım olan bütün məlumatları verəcəkdir. Vaxtında ödənilməmiş ödənişlərə görə, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz tutulur.