Nağdsız satış əməliyyatlarına vergi güzəşti

2019.04.07 12:30 (UTC+04:00)

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə

Misal:
Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat;
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0,8 x 25% = 0,2 x 60 = 12 manat) təşkil edir.