“Azexport” Vyetnama yeddi adda meyvə şirəsi və spirtsiz içkilər ixrac edəcək

2021.12.29 15:27 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarına növbəti Sərbəst Satış sertifikatlarını təqdim edib. Sertifikatlar Vyetnam Sosialist Respublikasına Azərbaycan istehsalı olan yeddi adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.

Mərkəzdən bildirilib ki, ümumilikdə 2018-ci ilin aprel ayından bu ilin dekabrınadək 622 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.

Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Prezident İlham Əliyevin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar “www.Azexport.az” platformasına onlayn olaraq müraciət edə bilərlər.