Dekabrın 24-dən etibarən Gəncə, Ucar və Masallı Regional Vahid Əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb və onların hər biri 4-5 rayonu əhatə edir. Həmin mərkəzlər 12-15 rayonu əhatə etməklə hər biri 4 min vətəndaşa xidmət göstərəcək.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Fondun sədrinin verdiyi məlumata əsasən dekabrın 24-dən bəri həmin mərkəzlərə 200-ə yaxın müraciət olub. Müraciətlərin 60-70 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, qalanları isə digər nazirlik və təşkilatların fəaliyyət sahəsinə aid olub. Müraciətlər “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vahid Əlaqələndirmə Mərkəzinə müraciət edən şəxslərdən 70 faizinin müraciəti dərhal yerində həll edilib.