Türkiyədə internet fenomenləri vergi ödəyəcəklər

2021.12.28 18:32 (UTC+04:00)

Təxminən 20 min nəfərin gəlir əldə etdiyi və 4 milyard lirə həcmində vəsaitin dövr etdyi sosial media platformaları və fenomenləri üçün vergi tənzimlənməsinin təfərrüatları dəqiqləşdirilib.

Yeni verginin tətbiqinə 2022-ci il yanvarın 1-dən başlanacaq. 2022-ci il üçün 880 min lirədən az gəlir əldə edənlərdən bəyannamə verilməsinə ehtiyac olmadan 15 faizlik sabit vergi məbləği tutulacaq. Ancaq “YouTuber”lərin bu istisnadan faydalana bilməsi üçün Türkiyədə yerləşən bankda hesab açması zəruridir.

Türkiyədə yerləşən bankda hesab açılmadığı təqdirdə və ya əldə olunan gəlirin banka yatırılmaması halında vergi cəzası kəsiləcək.

Bundan əlavə, istisna şərtlərinin aid olmadığı, ancaq bu istisnadan faydalandığı aşkarlanan vergi ödəyiciləri də əskik vergi ödədiklərinə görə cərimələnəcəklər. Bank hesabı ilə bağlı məlumatlar bir ay ərzində aidiyyəti vergi dairələrinə bildiriləcək.