“Biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib

2021.12.27 18:39 (UTC+04:00)

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Statistika Komitəsi, Mərkəzi Bankın məsul əməkdaşları iştirak ediblər. İclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Konstitusiya Araşdırmalar Fondunun, “KPMG Azerbaijan Ltd” və “Deloitte & Touche” şirkətlərinin əməkdaşları da qatılıb.

İşçi Qrupunun yeni rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İşçi Qrupunun səmərəli fəaliyyətinin indiyədək əldə edilmiş nəticələrin inkişaf etdirilməsinə və nüfuzlu reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyinin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcəyinə əminliyini vurğulayıb.

İclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyəti, 2021-ci il üzrə fəaliyyət planında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər, o cümlədən Mülki Məcəlləyə dəyişikliklər, qiymətli kağızların emissiyası prosesi ilə bağlı vahid portalın yaradılması, səhmdar cəmiyyətlərinin ümumi yığıncaqlarının distant formada təşkili ilə bağlı təlimatın hazırlanması, Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə məsələlər müzakirə edilib. Həmçinin iclasda 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinə, İşçi Qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılıb.