Payızlıq əkinlərin bəyanı ilə bağlı fermerlərə səyyar xidmət göstərilib

2021.12.27 17:57 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərib. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

İlk aqrar səyyar xidmət Şəki, sonrakı səyyar xidmətlər Sabirabad, İmişli, Füzuli Goranboy, Tərtər, Tovuz, Zaqatala, Cəlilabad, Hacıqabul və Şəmkir rayonlarının kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 12562-dən artıq fermerə səyyar aqrar xidmət göstərilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Hazırda səyyar qruplar Zaqatala və Tərtər rayonlarının kəndlərində fermerlərə xidmət göstərir.