Dekabr ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Türkiyə Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sahibkarlığın inkişafı sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə Ankara şəhərində təlim səfərində olub.
KOBİA-dan bildirilib ki, səfər çərçivəsində agentliyin nümayəndələri Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin Strateji araşdırmalar və səmərəlilik idarəsinin, KOSGEB-in Ankara Orta Şərq Sənaye və Ticarət Mərkəzinin və Kredit Qarantiya Fondunun fəaliyyətləri ilə yerində tanış olublar. KOSGEB-in mütəxəssisləri tərəfindən KOBİA-nın nümayəndə heyəti üçün təşkilatın sahibkarlığın dəstəklənməsi istiqamətində proqram və layihələri, onların monitorinqi və qiymətləndirilməsi, insan resurslarının idarəedilməsi, strateji planın hazırlanması və icrası prosesi, sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması mövzularında təqdimatlar keçirilib.