Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində əlilliyi olan şəxslərlə görüş keçirilib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli əlilliyi olan şəxslərin məşğulluğunun təminatı məqsədilə icra olunan proqramlar, bu sahədə mövcud olan problemlər və onların həll yolları istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. 2021-ci ilin 9 ayında əlilliyi olan 2 min 646 nəfər işlə təmin olunub. Özünüməşğulluq proqramının, həmçinin ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir.
Bu günlərdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid olanların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verildiyini qeyd edən agentlik sədri layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərənlərin bir sıra istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacağını, daha sonra isə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlarını bildirib.
Görüşdə, həmçinin əlilliyi olan vətəndaşların təklifləri dinlənilib, sualları cavablandırılıb və əl işləri ilə tanışlıq olub.